ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə mülki nüvə energetikasının inkişafına dair 30 illik sazişi baxılması üçün Konqresə göndərib. Sənəd ABŞ şirkətlərinin krallığın nüvə enerji proqramında geniş iştirakını nəzərdə tutur.
Saziş iyulda ABŞ energetika naziri Kris Rayt və Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman tərəfindən imzalanıb. Konqresin sənədə baxmaq üçün 90 sessiya günü vaxtı var.
Bununla belə, Tramp əvvəl irəli sürdüyü siyasi şərtdən geri çəkilməyib: saziş yalnız Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdıraraq İbrahim Razılaşmalarına qoşularsa qüvvəyə minəcək.
Razılaşma ABŞ şirkətlərinə Səudiyyə Ərəbistanında mülki nüvə infrastrukturu və reaktorların yaradılmasında iştirak imkanı verəcək. Bununla yanaşı, sənəd Konqresdə nüvə silahlarının yayılmasının qarşısının alınması və uranın zənginləşdirilməsi məsələləri ətrafında ciddi müzakirələrə səbəb ola bilər.
Səudiyyə Ərəbistanı isə İsraillə münasibətlərin normallaşdırılmasını Fələstin dövlətçiliyinə doğru real irəliləyişlə əlaqələndirir ki, bu da sazişin gələcəyini qeyri-müəyyən saxlayır.

