Nigeriyanın Cross River ştatında yerləşən Ubang icması qadın və kişilərin gündəlik həyatda bəzi anlayışlar üçün fərqli sözlər işlətməsi ilə seçilir.
Kənardan baxanda burada sanki iki ayrı dil danışıldığı təsəvvürü yaransa da, əslində söhbət eyni dil daxilində cinsiyyətə görə fərqlənən iki söz ehtiyatından gedir.
Ubang-da qadınlar və kişilər eyni qrammatik qaydalardan istifadə edirlər. Lakin su, daş, keçi və gündəlik hərəkətlər kimi bəzi anlayışların adı danışanın qadın və ya kişi olmasından asılı olaraq dəyişə bilər.
Maraqlıdır ki, qadınlar kişilərin, kişilər isə qadınların işlətdiyi sözlərin mənasını anlayırlar. Yəni burada bir-birini başa düşməyən iki ayrı dil yoxdur.
“The Guardian”ın məlumatına görə, bu sistem daha çox eyni dilin qadın və kişi danışıq formaları kimi qiymətləndirilir.
Oğlan uşaqları əvvəl qadınların sözlərini öyrənir

Bu dil ənənəsinin ən maraqlı tərəflərindən biri uşaqlıq dövründə üzə çıxır.
Uşaqlar ilk danışıq bacarıqlarını əsasən analarından öyrəndiklərinə görə, həm qız, həm də oğlan uşaqları əvvəlcə qadınların istifadə etdiyi sözlərlə böyüyürlər.
Oğlanlar təxminən 10–11 yaşına çatdıqda ataları və kənddəki digər kişilərlə daha çox vaxt keçirməyə başlayırlar və tədricən kişi söz ehtiyatına keçirlər.
Bu dəyişiklik adətən yeniyetməlik dövründə böyük ölçüdə tamamlanır.

