ABŞ sakini Troy Heteuey ağac budağının kəlləsini deşərək beyninə qədər çatmasına baxmayaraq sağ qalıb.
People nəşrinin məlumatına görə, hadisə 26 iyulda baş verib. 45 yaşlı kişi evinin yaxınlığında nərdivan üzərində dayanaraq ağac budaqlarını kəsərkən tarazlığını itirib və yerə yıxılıb.
Yıxıldıqdan sonra başında güclü ağrı hiss edən Heteuey əvvəlcə çənəsinin sındığını düşünüb. O, özü evə qədər gedərək həyat yoldaşını çağırıb.
Qadın ərinin üzündən yaşıl yarpaqları olan budağın çıxdığını görüb və onu dərhal xəstəxanaya aparıb.
Müayinələr zamanı məlum olub ki, uzunluğu 12 santimetrdən çox olan budaq kişinin başını deşərək beyninə qədər çatıb.
Heteuey təcili əməliyyata alınıb. Həkimlər kəlləni açmaq əvəzinə budağı burun yolu ilə çıxarıblar. Əməliyyat təxminən 4 saat davam edib.
Həkimlərdən biri bildirib ki, budağın çıxarılması zamanı ediləcək istənilən səhv güclü qanaxma, beyin zədəsi, görmə itkisi və ya ağır infeksiyaya səbəb ola bilərdi.
Əməliyyatdan üç həftə sonra Heteueydə ciddi fəsad qeydə alınmayıb. Onun yalnız üzünün sol tərəfində yüngül şişkinlik qalıb, dad və qoxu hissi isə zəifləyib.
Kişi başına gələnləri möcüzə kimi qiymətləndirib: “Yuxarıdan kimsənin məni qoruduğuna inanıram.”

