Keniyada itmiş keçisini axtarmaq üçün evdən çıxan 33 yaşlı Manasse Lomachar təsadüfən qızıl tapıb.
Hadisə ölkənin qərbində, Cheporor yaxınlığında baş verib.
Lomachar keçisini axtararkən çay yatağında palçıq və qumu ələyərək qızıl axtaran qadınlarla qarşılaşıb. O da onlara qoşularaq şansını sınamaq qərarına gəlib.
Bu qərar qısa müddətdə nəticə verib. Lomachar təxminən 3 qram qızıl tapıb və onu 36 min Keniya şillinqinə – təxminən 280 dollara satıb.
Lomacharın tapıntısından sonra Cheporor ərazisində daha böyük qızıl ehtiyatlarının ola biləcəyi barədə xəbərlər yayılmağa başlayıb.
West Pokot County rəsmisi Samuel Kiarienin sözlərinə görə, daha sonra bir qrup gəncin daha böyük tapıntı etdiyi, ertəsi gün isə qadınların eyni ərazidə əhəmiyyətli miqdarda qızıl aşkarladığı barədə məlumatlar yayılıb.

Xəbərlər ətraf bölgələrə çatdıqca Cheporor əsl “qızıl hərarəti”nin mərkəzinə çevrilib. Yerli rəsmilərin məlumatına görə, ən intensiv dövrdə qızıl axtarmaq üçün əraziyə gələnlərin sayı təxminən 10 min nəfərə çatıb.
İnsanlar əsasən bel, kürək və digər sadə alətlərdən istifadə edirlər. Torpaqdan çıxarılan material çay yatağına daşınaraq su vasitəsilə ələnir və qızıl axtarılır.
Bununla belə, ərazidə həqiqətən nə qədər qızıl ehtiyatının olduğu və yatağın kommersiya baxımından nə dərəcədə qiymətli olduğu hələ müəyyən edilməyib.

