İrəvan məhkəməsi Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan barəsində həbs qətimkan tədbiri seçməyib.
Ermənistanın Antikorrupsiya Komitəsindən verilən məlumata görə, məhkəmə qurumun vəsatəti əsasında Sarqsyanın başqa yerə getməmək barədə iltizamla azadlıqda qalmasına qərar verib.
Bundan əvvəl məhkəmə Ermənistanın digər keçmiş prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.
Robert Koçaryan isə saxlanılıb, lakin səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilib. Onun həbs edilib-edilməməsi məsələsinə baxılması üçün məhkəməyə gətirilməsi nəzərdə tutulur.
Baş Prokurorluğun məlumatına görə, 1998–2008-ci illərdə Ermənistan prezidenti olmuş Robert Koçaryan vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ilə bağlı bir neçə epizod üzrə ittiham olunur.
Sedrak Koçaryana xüsusilə külli miqdarda çirkli pulların yuyulması, 2008–2018-ci illərdə prezident olmuş Serj Sarqsyana isə dövlət və ya xidməti hakimiyyətdən, yaxud təsirdən sui-istifadə ittihamı irəli sürülüb.
İstintaqın versiyasına görə, Robert Koçaryan prezident olduğu dövrdə yaxın şəxslərlə əvvəlcədən razılaşaraq və vəzifə imkanlarından istifadə edərək dövlət əmlakını müxtəlif saxta əsaslarla mənimsəyib, bir sıra qiymətli daşınmaz əmlak və torpaq sahələrini bazar qiymətindən xeyli aşağı qiymətə əldə edib.
Söhbətin yüzlərlə torpaq sahəsi və daşınmaz əmlak obyektindən getdiyi bildirilir.
Baş Prokurorluq Koçaryan ailəsinə məxsus bəzi daşınmaz əmlakların mümkün özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədilə onların üzərinə həbs qoyulması üçün tədbirlər görüldüyünü açıqlayıb.

