Rusiyanın Tver vilayətində uşaq düşərgəsinə göndərilən “Papa mojet” sosiskalarında salmonella aşkarlanması barədə məlumat yayıldıqdan sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həmin məhsullarla bağlı yoxlama aparıb.
AQTA-dan bildirilib ki, cari il ərzində “Ostankino” ət emalı müəssisəsindən Azərbaycana idxal olunan məhsullar, o cümlədən sosiskalar yoxlanılıb və hər hansı pozuntu qeydə alınmayıb.
Agentlik vurğulayıb ki, Azərbaycana ət və ət məhsullarının idxalına yalnız müəyyən edilmiş tələblərə cavab verən müəssisələrdən icazə verilir. İxracatçı ölkənin səlahiyyətli qurumları isə məhsulların təhlükəsizliyini və beynəlxalq baytarlıq tələblərinə uyğunluğunu təsdiqləməlidirlər.
Məhsullar ölkəyə daxil olduqdan sonra sənəd, identifikasiya və fiziki yoxlamadan, həmçinin laborator müayinələrdən keçirilir.
Laborator analizlər zamanı məhsullar salmonella və digər keyfiyyət-təhlükəsizlik göstəricilərinə görə yoxlanılır.
AQTA qeyd edib ki, idxal edilən və satışa çıxarılan qida məhsulları vətəndaşların sağlamlığının qorunması məqsədilə daim nəzarətdə saxlanılır.

