Tailandın şimal-şərqində yerləşən Kalasin bölgəsində tapılan fosillər üzərində aparılan araşdırmalar zamanı indiyədək məlum olmayan yeni dinozavr növünə aid onurğa fəqərəsi qalıqları aşkar edilib.
Kompüter tomoqrafiyası ilə aparılan müayinələr nəticəsində alimlər dinozavrın uzunboyunlu ot yeyən dinozavrları əhatə edən sauropodlar qrupuna və Mamenchisauridae ailəsinə aid olduğunu müəyyən ediblər.
Tədqiqatçılar yeni növə “Uragasaurus kalasinensis” adını veriblər.
Alimlərin fikrincə, bu dinozavr təxminən 150 milyon il əvvəl yaşayıb. Onun yüksəkdəki bitkilərlə qidalanmasına imkan verən qeyri-adi dərəcədə uzun boynu olub. Dinozavrın ümumi uzunluğunun isə təxminən 20 metrə çata bildiyi bildirilir.
Araşdırmanın baş müəllifi, Mahasarakham Universitetindən doktor Apirut Nilpanapan bildirib ki, dinozavrın onurğa fəqərəsindəki hava boşluqlarının quruluşu indiyədək məlum olan digər dinozavr növlərindən fərqlənir. Onun sözlərinə görə, yeni növü ayırd edən ən mühüm xüsusiyyət də məhz budur.
Kəşfin detalları “Nature” jurnalında dərc olunub.

