Yumurta sarısının tərkibində olan lutein kompüter qarşısında uzun müddət işləyən insanların göz sağlamlığının qorunmasına kömək edə bilər.
Bu barədə LIFE.ru-ya açıqlamasında “ROSBIOTEX” Universitetinin Dietologiya kafedrasının dosenti Anastasiya Lebedeva bildirib.
Onun sözlərinə görə, yumurta sarısında karotinoidlər qrupuna aid təbii piqment olan lutein mövcuddur. Bu maddə torlu qişanın mərkəzi hissəsində toplanaraq işığın mavi-bənövşəyi spektrinin bir qismini süzməyə kömək edir.
Mütəxəssis luteini “gözlərin daxili günəş eynəyi” ilə müqayisə edib. O qeyd edib ki, yumurta sarısındakı təbii yağlar luteinin orqanizm tərəfindən mənimsənilməsini asanlaşdıra bilər.

Lebedevanın sözlərinə görə, lutein yumurta sarısından çiy göyərti ilə müqayisədə daha yaxşı sorula bilər.
Gündə altı saatdan çox monitor qarşısında çalışanlara və 50 yaşdan yuxarı şəxslərə lutein əlavələrinin qəbulunu oftalmoloqla müzakirə etmək tövsiyə olunur. Bununla belə, mütəxəssis balanslı qidalanmanın əsas olduğunu vurğulayıb.
O bildirib ki, gündəlik rasiona yumurta ilə yanaşı, yaşıl yarpaqlı tərəvəzlər və narıncı rəngli bitki mənşəli məhsulların daxil edilməsi göz sağlamlığı üçün faydalı ola bilər.

