Saçların ağarması yalnız yaşla bağlı deyil. Mütəxəssislər bu prosesin stress, həyat tərzindəki dəyişikliklər və bəzi qida maddələrinin çatışmazlığı ilə də əlaqəli ola biləcəyini bildirirlər.
Qısa müddətdə nəzərəçarpacaq nəticə əldə etmək mümkün olmasa da, balanslı qidalanma saçların görünüşünü və strukturunu dəstəkləyə bilər.
Ayurveda üzrə mütəxəssis Dikşa Bhavsar Savaliya müntəzəm istifadə edildikdə saçların vaxtından əvvəl ağarmasını ləngitməyə kömək edə biləcək qidaları sadalayıb.
Amla antioksidantlar və C vitamini ilə zəngindir. Onun saçları möhkəmləndirməyə və təbii rəngin qorunmasına kömək etdiyi hesab olunur. Amlanı təzə halda yemək və ya üyüdülmüş tozunu ilıq suya əlavə etmək mümkündür.
Qara küncüt toxumlarının saçın təbii rəngini təmin edən piqmentin istehsalı ilə əlaqəli hüceyrələrin fəaliyyətini dəstəkləyə biləcəyi bildirilir. Onu yeməklərə əlavə etmək və ya gündə bir çay qaşığı qəbul etmək olar. Küncüt yağının isə baş dərisini qidalandırmağa və qan dövranını yaxşılaşdırmağa kömək etdiyi qeyd olunur.
Qara kişmiş dəmir və C vitamininin təbii mənbəyidir. Bu maddələr saçların böyüməsini və piqmentasiyasını dəstəkləyə bilər. Mütəxəssis kişmişi gecədən suda saxlayaraq səhər yeməyi tövsiyə edir.

Karri yarpaqları A, C və B qrup vitaminləri, həmçinin dəmir və kalsiumla zəngindir. Bu maddələrin saç tökülməsini azaltmağa və ağarma prosesini ləngitməyə kömək edə biləcəyi hesab olunur. Karri yarpaqlarını yeməklərə əlavə etmək və ya suda qaynadaraq dəmləməsini içmək mümkündür.
Mütəxəssislər daha yaxşı nəticə üçün stresi nəzarətdə saxlamağı, saçları fen və buruqlaşdırıcı vasitələrlə həddindən artıq qurutmamağı, baş dərisini mütəmadi masaj etməyi, keyfiyyətli yatmağı və saçlarla ehtiyatla davranmağı məsləhət görürlər.

Bununla belə, heç bir məhsul saçların ağarmasını tam dayandırmağa zəmanət vermir. Kompleks qulluq və balanslı qidalanma isə saçların parlaqlığını və möhkəmliyini qorumağa kömək edə bilər.

