İnsulin müqaviməti adətən çəki artımı, yorğunluq və qan şəkərinin yüksəlməsi ilə əlaqələndirilsə də, mütəxəssislər boyun, qoltuqaltı və qasıq nahiyəsində dərinin tündləşməsi və qalınlaşmasının da xəstəliyin az tanınan əlamətlərindən biri ola biləcəyini bildirirlər.
Həkimlərin sözlərinə görə, məxməri görünüşə malik tünd ləkələr (akantoz nigrikans) orqanizmdə insulin səviyyəsinin uzun müddət yüksək qalmasının nəticəsində yarana bilər və erkən diaqnoz üçün mühüm siqnal hesab olunur.

Bundan əlavə, yeməkdən sonra güclü yuxululuq, tez-tez şirniyyat istəyi, diqqətin zəifləməsi və bel nahiyəsində piylənmə də insulin müqavimətinə işarə edən əlamətlər arasında yer alır.
Mütəxəssislər vurğulayırlar ki, bu simptomlar müşahidə olunarsa, qan şəkəri və insulin səviyyəsinin yoxlanılması, həmçinin endokrinoloqa müraciət edilməsi vacibdir. Erkən diaqnoz və həyat tərzində dəyişikliklər 2-ci tip şəkərli diabet riskini əhəmiyyətli dərəcədə azalda bilər.

