Daim tək qalmaq, heç kimlə danışmamaq və ətrafdakı səslərdən uzaqlaşmaq istəyi getdikcə daha çox insanda müşahidə olunur. Bu hal hər zaman introvertlik və ya insanlardan bezmək demək deyil — çox vaxt sinir sisteminin həddindən artıq yükləndiyini göstərən siqnaldır.
“Gazeta.Ru”ya açıqlamasında biznes-psixoloq Yekaterina Katalina bildirib ki, əsas səbəb müasir həyatın yaratdığı nəhəng informasiya yüküdür. İnsanlar gün ərzində diqqət tələb edən iş, mesajlar, bildirişlər, sosial şəbəkələr və davamlı fon səsi ilə üz-üzə qalırlar.
Mütəxəssisin sözlərinə görə, sosial şəbəkələr ünsiyyət təsiri yaratsa da, əslində beynin emal etməyə çatdırmadığı “milyonlarla səsdən ibarət fasiləsiz gurultuya” çevrilir. Hər bildiriş, paylaşım və şərh diqqətin bir hissəsini özünə çəkərək daimi fon stressi yaradır.
Buna şəhər həyatının səsləri də əlavə olunur: nəqliyyat, açıq ofislərdəki söhbətlər, metrodakı elanlar, kafe və mağazalardakı musiqi. Beyin hətta istirahət zamanı belə bütün bu səsləri süzgəcdən keçirməyə məcbur qalır.
Nəticədə insan həqiqi səssizlikdə demək olar ki, vaxt keçirmir. Evdə də podkast, video və sosial media axını davam edir. Halbuki səssizlik psixikanın bərpası üçün fizioloji ehtiyacdır.

Psixoloq xəbərdarlıq edir ki, daimi “tək qalmaq” və “susmaq” istəyi gözardı edilərsə, yığılan yorğunluq narahatlıq pozuntusuna, apatiyaya və emosional tükənməyə çevrilə bilər.
Mütəxəssis hər gün ən azı 15–20 dəqiqəni telefonsuz, musiqisiz və söhbətsiz tam səssizlikdə keçirməyi tövsiyə edir. Bu, vaxt itirmək deyil, psixi sağlamlıq üçün gündəlik gigiyenadır.

