Botoksun həddindən artıq tətbiqi üzdə “donmuş ifadə” effektinə səbəb ola bilər. NEWS.ru-ya açıqlamasında dermatoloq-kosmetoloq Natalya Ryaxovskaya bildirib ki, bu hal pasiyentin yaşından deyil, əsasən doza və tətbiq texnikasından asılıdır.
Mütəxəssisin sözlərinə görə, preparatın normadan artıq vurulması, üz anatomiyasının və mimikanın nəzərə alınmaması təbii üz hərəkətlərinin bloklanmasına gətirib çıxarır.

Həkim vurğulayıb ki, botoks üçün konkret yaş həddi yoxdur. Əsas meyarlar mimikanın aktivliyi və dərinin vəziyyətidir. Bəzi insanlarda artıq 25 yaşında alın və qaşarası nahiyədə nəzərəçarpan qırışlar yarandığı halda, digərlərində 35 yaşında belə dəri hamar qala bilər.
Ryaxovskayanın sözlərinə görə, botoks terapiyasına başlamaq üçün ən uyğun vaxt üz sakit vəziyyətdə olarkən də görünən ilk qalıcı xətlərin yaranmasıdır. Müasir botoks müalicəsinin əsas məqsədi dərin qırışları tamamilə silmək deyil, onların yaranmasının qarşısını almaqdır.

