Məşhur aktyor Metyu Makkonahinin həyat yoldaşı, üç uşaq anası və sahibkar Kamila Makkonahi yalnız ailəsi və biznes fəaliyyəti ilə deyil, sağlamlıq və gözəllik mövzusundakı yanaşması ilə də diqqət çəkir. O, həyat tərzi, qidalanma, sağlamlıq və qadınların rifahından bəhs etdiyi Women of Today platformasının təsisçisidir. Bu barədə NewBeauty məlumat yayıb.
Kamila bildirib ki, yaş artdıqca gözəlliyə münasibəti dəyişib. Əvvəllər daha çox kosmetika və xarici görünüşə diqqət yetirirdisə, indi orqanizmində baş verən proseslərə daha çox önəm verir.
Onun əsas prinsipi isə hər yeni gözəllik trendinin arxasınca qaçmamaq və öz bədənini dinləməkdir.
“Gözəlliklə bağlı məsləhət almaq üçün gənclərə müraciət etmirəm”, – Kamila deyib.
Onun sözlərinə görə, daha çox yaşlı və yaxşı görünən qadınların təcrübəsinə qulaq asır. O hesab edir ki, insan öz orqanizminin reaksiyasını nəzərə almalı, yalnız populyarlaşdığı üçün başqalarının gözəllik rituallarını təkrarlamamalıdır.
Onun əsas qaydası: daha az trend
Kamila gözəllik sənayesinin insanlara daim yeni məhsul və prosedurlar sınamağı təlqin edən yanaşmasından uzaqlaşıb.
O, çoxsaylı kosmetik vasitələr əvəzinə sadə və funksional qulluq rutinlərinə üstünlük verir. Məsələn, tonal krem, konsiler və kontur vasitəsi kimi istifadə etdiyi tonal stiklərdən xoşu gəlir. Onun diqqətini təbii görünüş, ağır makiyaj hissi yaratmayan tekstura və nəmləndirici xüsusiyyətlər cəlb edir.
“Gözəllik daxildən başlayır”
Kamilanın sağlamlıq fəlsəfəsinin əsas istiqamətlərindən biri orqanizmdə iltihabi prosesləri azaltmaqdır.
Onun fikrincə, ən yaxşı kosmetik vasitələrdən istifadə etmək və müxtəlif prosedurlar etdirmək kifayət deyil. Orqanizm daim yüklənirsə, bunun dəriyə və ümumi görünüşə təsiri qaçılmazdır.
Bu səbəbdən onun gündəlik yanaşması olduqca sadədir: su, yuxu, hərəkət, balanslaşdırılmış qidalanma və özünü yaxşı hiss etməyə diqqət.
Kamila əvvəllər səhərlər bitki südü ilə matça içirmiş. Lakin sonradan gecə yuxusundan sonra orqanizmin ilk növbədə mayeyə ehtiyacı olduğunu düşünərək səhər ritualını dəyişib. İndi dişlərini fırçaladıqdan sonra yemək və ya başqa içki qəbul etməzdən əvvəl bir şüşə adi su içir.
Qida rasionunda nələr var?
Kamila qəbul etdiyi bəzi qida əlavələrindən də danışıb. Onun siyahısında D, C və A vitaminləri, günaşırı dəmir, həmçinin soyuq sıxılmış kətan yağı var.
Kətan yağını xüsusilə dəri, saç, dırnaq və ümumi sağlamlıq üçün faydalı hesab edir. Hər gün təxminən bir çay qaşığı yağı yunan yoqurtuna əlavə edir.
O, ildə bir dəfə təxminən üç həftə ərzində iltihabəleyhinə qidalanmaya və ya qida qəbulunun məhdudlaşdırıldığı müəyyən rejimə əməl etməyə çalışır. Bununla belə, onun əsas prinsipi mürəkkəblik deyil, sadəlikdir.
Braziliya gözəllik ritualı
Kamilanın diqqət çəkən gözəllik vərdişlərindən biri isə limfodrenaj və modelləşdirici masajdır.
Onun sözlərinə görə, Braziliyada bu cür prosedurlar uzun müddətdir müntəzəm qulluq rutininin bir hissəsidir. Masajın məqsədi maye durğunluğunun azalmasına və limfa sisteminin fəaliyyətinə yönəlmək, həmçinin bədən konturlarının vizual olaraq daha formalaşmış görünməsinə kömək etməkdir.
Kamila effektin birdəfəlik prosedurdan deyil, masajın müntəzəm şəkildə tətbiqindən sonra daha çox nəzərə çarpdığını deyir.
Bununla yanaşı, limfodrenaj masajını “detoks” və ya arıqlamağın möcüzəvi üsulu kimi qəbul etmək düzgün deyil. Effekt texnikadan və insanın fərdi xüsusiyyətlərindən asılıdır. Tibbi əks-göstərişlər olduqda əvvəlcə mütəxəssislə məsləhətləşmək lazımdır.
İdmanda daha bir vacib dəyişiklik
Kamilanın idmana münasibəti də dəyişib. Üçüncü əməliyyatından sonra bərpa dövrü keçirən Makkonahi hazırda qarşısına idman rekordları qoymur.
Onun bu mərhələdə əsas prinsipi səbirdir.
Sakit gəzintilər, üzgüçülük və fiziki aktiv həyata tədricən qayıtmaq onun hazırkı seçimidir. Bu yanaşma bədənin hər zaman maksimum güclə işləməsinin vacib olmadığını xatırladır. Bəzən ən yaxşı “fitness planı” orqanizmə bərpa olunmaq üçün vaxt verməkdir.

“Daha az şəkər, daha çox yuxu”
Kamila 20 il əvvələ qayıda bilsəydi, özünə verəcəyi əsas məsləhətin çox sadə olacağını bildirib: daha az şəkər yemək və daha çox yatmaq.
Yaş artdıqca qidalanmasına daha ciddi yanaşdığını və sağlamlığı həyat tərzinin mərkəzinə qoyduğunu deyib.

Maraqlıdır ki, o, yuxunu qidalanma, su və fiziki aktivliklə eyni səviyyədə qiymətləndirir. Yəni onun gözəllik fəlsəfəsində əsas yeri bahalı krem, yeni prosedur və ya mürəkkəb texnologiya deyil, gündəlik əsas vərdişlər tutur.
Bununla belə, Kamila özünü kiçik qadın zövqlərindən də məhrum etmir. Vaxtı olduqda həftədə bir dəfə manikür etdirməyə çalışır və bunu yalnız öz zövqü üçün etdiyi azsaylı gözəllik rituallarından biri adlandırır.

Onun yanaşmasının əsas mesajı isə belədir: özünə qulluq yalnız görüləsi işlər siyahısında növbəti bənd olmamalıdır — bəzən insan bunu sadəcə özünü yaxşı hiss etmək üçün etməlidir.

