İşləməyən və “özünü axtardığını” deyən partnyora sonsuz müddət maliyyə dəstəyi göstərmək düzgün deyil.
Ailə psixoloqu Yelena Quseva NEWS.ru-ya açıqlamasında bildirib ki, belə vəziyyətdə ən vacib məsələ tərəflərin həyat dəyərlərinin üst-üstə düşüb-düşməməsidir.
Onun sözlərinə görə, bir tərəf işləməyən partnyoru müəyyən müddət saxlamağı normal hesab edə bilər, digəri isə bunu qəbul etməyə bilər. Buna görə də əvvəlcədən dəqiq müddət müəyyənləşdirmək lazımdır: bir ay, üç ay, altı ay və ya maksimum bir il.

Psixoloq vurğulayıb ki, yetkin bir insanı qeyri-müəyyən müddət ərzində təmin etmək onun inkişafını ləngidə, eyni zamanda dəstək göstərən tərəfi emosional və maliyyə baxımından tükədə bilər.
Qusevaya görə, əsas meyar müddətdən çox partnyorun həqiqətən irəliləyiş göstərib-göstərməməsidir. Məsələn, o, aktiv şəkildə iş axtarırmı, müsahibələrə gedirmi, yeni bacarıqlar öyrənirmi, təhsil alırmı – bunlara diqqət etmək lazımdır.
Əgər partnyorun inkişaf prosesi dayanıbsa və bütün məsuliyyət digər tərəfin üzərinə düşübsə, psixoloq maliyyə dəstəyini dayandırmağı, lazım gəldikdə isə münasibəti yenidən qiymətləndirməyi tövsiyə edir.

Onun sözlərinə görə, bu yanaşma münasibətin həqiqətən qarşılıqlı dəstək verib-vermədiyini, yoxsa bir tərəfin bütün resurslarını tükətdiyini anlamağa kömək edir.

