Davamlı olaraq eyni insan haqqında düşünmək, ondan gələcək mesajı səbirsizliklə gözləmək, hər baxışını və hər sözünü təhlil etmək, xoşbəxtliyinizin yalnız həmin insandan asılı olduğuna inanmaq... Mütəxəssislərin fikrincə, bu hisslər hər zaman sevgi əlaməti olmaya bilər. Bəzən söhbət limerensiya adlanan psixoloji vəziyyətdən gedir.
Limerensiya insanın başqa bir şəxsə qarşı obsessiv emosional bağlılıq hiss etməsi ilə xarakterizə olunur. Bu zaman insan qarşı tərəfdən qarşılıq almağa güclü ehtiyac duyur, onun davranışlarını həddindən artıq analiz edir və reallıqdan uzaq gözləntilər formalaşdırır.

Mütəxəssislər bildirirlər ki, limerensiya aylarla, hətta illərlə davam edə bilər. Xüsusilə qarşılıqsız hisslər, qeyri-müəyyən münasibətlər və ya emosional əlçatmazlıq bu vəziyyətin uzanmasına səbəb ola bilər.
Limerensiyanın əsas əlamətləri bunlardır:
- Bir insan haqqında dayanmadan düşünmək;
- Mesaj və ya zəng gözləməkdən özünü saxlaya bilməmək;
- Hər baxışa, sözə və davranışa xüsusi məna yükləmək;
- Qarşı tərəfi ideallaşdırmaq və qüsurlarını görməmək;
- Əhvalın qarşı tərəfin münasibətindən asılı olaraq kəskin dəyişməsi.
Psixoloqların sözlərinə görə, limerensiya uzun müddət davam etdikdə narahatlıq, stress, yuxu pozğunluğu, diqqət dağınıqlığı və emosional tükənməyə səbəb ola bilər. Bəzi hallarda bu vəziyyət insanın gündəlik həyatı, işi və sosial münasibətlərinə də mənfi təsir göstərir.
Mütəxəssislər qeyd edirlər ki, bu hisslər həyat keyfiyyətini aşağı salır və uzun müddət davam edirsə, vəziyyəti qiymətləndirmək üçün psixoloq və ya psixoterapevtə müraciət etmək faydalı ola bilər.

