Elbrus dağına qalxan 11 yaşlı oğlan həlak olub, atası isə ağır xəsarətlər alıb.
Bu barədə Rusiya FHN-in Elbrus yüksəkdağlıq axtarış-xilasetmə dəstəsi məlumat yayıb.
Faciə təxminən 4200-4600 metr yüksəklikdə baş verib. Axtarış işlərinə 12 xilasedici cəlb olunub.
Məlumata görə, məktəbli atası — 40 yaşlı Roman M. ilə birlikdə yürüşə çıxıb. Mashın məlumatına əsasən, onlar zirvəyə doğru hərəkətdən sonra geri qayıdarkən təhlükəsizlik kəndiri qopub.
Nəticədə uşaq aldığı xəsarətlərdən həyatını itirib. Atası isə qabırğa və diz nahiyəsindən ağır xəsarətlər almasına baxmayaraq, kömək çağıra bilib.
Roman və oğlu əslən Donetskdəndir, son illər isə Stavropol diyarının Rızdvyanı qəsəbəsində yaşayıblar.
Mash yazır ki, ata və oğul ötən il də Elbrusa qalxmağa cəhd etmiş, lakin uşaq özünü pis hiss etdiyi üçün zirvəyə 300 metr qalmış geri dönmüşdülər. Buna baxmayaraq, onlar Qarabaşı stansiyasında uşağın oxuduğu məktəbin bayrağını qaldırmış və təhsil müəssisəsinin rəhbərliyindən təşəkkür almışdılar.
Məlumata görə, bu dəfə ata və oğul dağın ən çətin marşrutlarından biri sayılan şərq yamacını seçiblər. İddiaya əsasən, başqa bir turist ona yolu davam etdirməyin təhlükəli olduğunu desə də, kişi xəbərdarlığa məhəl qoymayıb.
Xilasedicilər yaralı atanı və oğlunun meyitini Elbrusun şərq yamacında, təxminən 4200 metr yüksəklikdə tapıblar. Lakin hava qaraldığı üçün təxliyə 20 iyula təxirə salınıb.
Kabardin-Balkar Respublikası üzrə FHN İdarəsi bildirib ki, təxliyə üçün kommersiya helikopterindən istifadə olunması planlaşdırılır.
Qeyd olunur ki, turistlərin marşrutu əvvəlcədən qeydiyyatdan keçirilməyib.

