Həkim Sara Marin Berbell məşhur ağrıkəsicilərdən biri olan ibuprofendən tez-tez istifadənin sağlamlıq üçün risk yarada biləcəyini bildirib.
“El Confidencial” nəşrinə danışan həkimin sözlərinə görə, ağrı zamanı ibuprofen həkim göstərişinə uyğun qəbul edilə bilər. Lakin preparatdan mütəmadi və həddindən artıq istifadə böyrəklərin fəaliyyətinə mənfi təsir göstərə bilər.
Berbell pasiyentlərindən birinin menstruasiya ağrılarını normal hesab etdiyini və buna görə mütəmadi olaraq ibuprofen qəbul etdiyini deyib. Sonradan aparılan qan analizlərində qadının böyrək funksiyası ilə bağlı göstəricilərdə dəyişiklik aşkarlanıb.

“İbuprofeni arabir qəbul etmək başqa şeydir, hər həftə qəbul etmək isə tamam başqadır”, – həkim vurğulayıb.
Mütəxəssis qeyd edib ki, ağrı insanı davamlı şəkildə ağrıkəsici qəbul etməyə məcbur edirsə, yalnız ağrını müvəqqəti aradan qaldırmaq əvəzinə onun səbəbini müəyyənləşdirmək lazımdır.

