Axşam saatlarında içilən bəzi çay növləri yuxuya getməyi çətinləşdirə və gecə istirahətinin keyfiyyətini aşağı sala bilər.
Somnoloq xüsusilə qara və tünd dəmlənmiş yaşıl çayın yuxuya təsiri barədə xəbərdarlıq edib.
Bu barədə “SM-Klinika”nın somnoloqu Natalya Vyazova “Lenta.ru” nəşrinə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, klassik çay növləri arasında adətən ən çox kofein qara çayda olur. Bununla belə, tünd dəmlənmiş yaşıl çay da sinir sisteminə nəzərəçarpacaq dərəcədə stimullaşdırıcı təsir göstərə bilər.
“Klassik çay növlərindən danışsaq, adətən ən çox kofein qara çayda olur. Lakin tünd yaşıl çay da kifayət qədər güclü oyadıcı təsir göstərə bilər”, – deyə mütəxəssis bildirib.
Vyazova qeyd edib ki, bir çox insan qara və yaşıl çayı qəhvədən daha az stimullaşdırıcı içki hesab edir. Lakin bu, həmin çayları yatmazdan əvvəl məhdudiyyətsiz içməyin təhlükəsiz olduğu anlamına gəlmir.

Onun sözlərinə görə, günün ikinci yarısında tünd çay içmək kofeinə həssas insanlarda yuxuya getməyi çətinləşdirə və yuxunun keyfiyyətini pisləşdirə bilər.
Somnoloq çayın dəmlənmə müddətinə və istifadə olunan çay yarpaqlarının miqdarına da diqqət yetirməyi tövsiyə edib.
Mütəxəssis izah edib ki, dəmləmə zamanı nə qədər çox çay yarpağından istifadə olunarsa və çay nə qədər uzun müddət dəmlənərsə, içkiyə keçən kofeinin miqdarı da bir o qədər arta bilər.
“Eyni növ çayın zəif və çox tünd dəmlənmiş variantları orqanizmə eyni cür təsir göstərmir”, – deyə həkim vurğulayıb.

