Axşam yeməyinin vaxtı təkcə həzmə deyil, yuxunun keyfiyyətinə və maddələr mübadiləsinə də təsir edə bilər. Mütəxəssislər son yeməyin yatmazdan ən azı 3 saat əvvəl yeyilməsini tövsiyə edirlər.
Cənubi Kaliforniya Universitetinin Uzunömürlülük İnstitutunun direktoru Valter Lonqo GQ nəşrinə bildirib ki, gec saatlarda yemək orqanizmin sirkadiyal ritmlərinə — yəni yuxu və oyaqlığı tənzimləyən daxili bioloji saata təsir göstərə bilər.
Onun sözlərinə görə, axşam yeməyini gecikdirmək bədənə hələ də aktiv qalmaq lazım olduğu barədə siqnal verə bilər. Bu isə həm yuxunun keyfiyyətinə, həm də kalorilərin istifadəsinə təsir göstərə bilər.

Surrey Universitetinin qidalanma üzrə dosenti Adam Kollinz isə axşam yeməyi ilə səhər yeməyi arasında daha uzun fasilənin orqanizmin yağlardan enerji kimi istifadə etməsinə kömək edə biləcəyini bildirib. Mütəxəssislər ümumilikdə qidalanmanı təxminən 12 saatlıq zaman pəncərəsində saxlamağı məsləhət görürlər.
Lonqonun sözlərinə görə, uzunömürlü insanlar arasında tez-tez rast gəlinən vərdişlərdən biri erkən və yüngül axşam yeməyi, daha sonra isə səhər yeməyinə qədər təxminən 12 saatlıq fasilədir. Bununla belə, mütəxəssislər bu rejimin hər kəs üçün eyni dərəcədə uyğun olmadığını da vurğulayırlar.

