Axşam yeməyinin vaxtı təkcə həzmə deyil, yuxunun keyfiyyətinə və maddələr mübadiləsinə də təsir göstərə bilər. Uzunömürlülük və qidalanma üzrə mütəxəssislər sonuncu yeməyin yatmazdan ən azı üç saat əvvəl yeyilməsini tövsiyə edirlər.
Cənubi Kaliforniya Universitetinin Uzunömürlülük İnstitutunun direktoru Valter Lonqo bu barədə GQ nəşrinə danışıb.
Onun sözlərinə görə, axşam yeməyinin gecikdirilməsi orqanizmin daxili bioloji saatını — sirkadiyal ritmləri poza bilər. Bu ritmlər bədəni yuxuya və oyaq qalmağa hazırlayır.
“Axşam yeməyini gec saatlara saxladıqda orqanizm hələ də aktiv olmalı olduğu barədə siqnal alır. Bu, yatmazdan əvvəl parlaq işığın təsiri kimi, yuxuya və kalorilərin yandırılmasına mənfi təsir göstərə bilər”, – Valter Lonqo bildirib.
Mütəxəssislərin fikrincə, axşam yeməyi ilə səhər yeməyi arasında daha uzun fasilənin olması orqanizmin yağ ehtiyatlarından enerji kimi istifadə etməsinə kömək edə bilər.
Surrey Universitetinin qidalanma kafedrasının dosenti Adam Kollins bildirib ki, insan yemək yedikdə orqanizm əsasən karbohidratları, yeməksiz qaldıqda isə yağ ehtiyatlarını yandırmağa keçir.

“Bu, çəkinin azalmasına kömək edə və ümumilikdə maddələr mübadiləsi üçün faydalı ola bilər”, – mütəxəssis qeyd edib.
Ekspertlərin tövsiyəsinə əsasən, axşam yeməyinin yatmazdan üç saat əvvəl yeyilməsi orqanizmin istirahətə hazırlanmasına kömək edir. Axşam yeməyi ilə səhər yeməyi arasında təxminən 12 saatlıq fasilə isə təbii maddələr mübadiləsini və yağların parçalanması prosesini dəstəkləyə bilər.
Mütəxəssislərin sözlərinə görə, 100 yaşdan çox yaşayan insanlar arasında geniş yayılan vərdişlərdən biri erkən və yüngül axşam yeməyi yemək, daha sonra isə səhər yeməyinə qədər təxminən 12 saat fasilə verməkdir.

