Harvard Tibb Məktəbinin yuxu üzrə mütəxəssisi Erik Çjou xroniki yuxusuzluqla dərmansız mübarizəyə kömək edə biləcək üç elmi əsaslı üsul açıqlayıb.
Men’s Journal-a danışan mütəxəssis ilk növbədə həftə ərzində fiziki aktivliyi artırmağı tövsiyə edib. Onun sözlərinə görə, hətta həftəlik addım sayının cəmi 500 addım artırılması belə yuxunun keyfiyyətinə müsbət təsir göstərə bilər.
Çjou həmçinin bildirib ki, bəzi insanlar əvvəlki gecələrin yuxusuzluğunu kompensasiya etmək üçün özlərini daha uzun yatmağa məcbur edirlər. Bu isə əksinə, yuxu problemini gücləndirə bilər. Mütəxəssis qeyd edib ki, bir çox böyüklərə 7–9 saat yuxu lazım olsa da, bəzi insanlar üçün 6 saat da kifayət edə bilər.
Üçüncü tövsiyə isə sabit gündəlik rejimə və axşam rahatlaşdırıcı ritualına əməl etməkdir.
Mütəxəssisin sözlərinə görə, orqanizm proqnozlaşdırılan rejimi “sevir” və sirkadiyal ritmin sabit saxlanılması yuxusuzluğa qarşı güclü vasitə ola bilər.

