Bir gözdə görmənin qəfil itməsi insultun ilk əlamətlərindən biri ola bilər.
Bu barədə tibb elmləri doktoru, professor Svetlana Kanevskaya “Çempionat” nəşrinə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, nitqin anlaşılmaz olması, müvazinətin pozulması və ətraflarda keyimə hissinin yaranması da insultun ilkin əlamətləri arasında yer alır.
Professor qeyd edib ki, bu simptomlar müşahidə edildikdə dərhal təcili tibbi yardım çağırılmalıdır.
“Təcili tibbi yardım əlçatandırsa, xəstəni özünüz xəstəxanaya aparmayın. Təcili yardım briqadası yolda ilkin müayinəyə başlaya və insult mərkəzini əvvəlcədən məlumatlandıra bilər. Xəstənin təhlükəsiz şəkildə uzanmasına və ya oturmasına kömək edin, onun yeriməsinə icazə verməyin. Yanında qalaraq tənəffüsünə və huş vəziyyətinə nəzarət edin”, – deyə Kanevskaya bildirib.

Professor vurğulayıb ki, simptomlar bir neçə dəqiqədən sonra keçsə belə, təcili tibbi yardım çağırmaq vacibdir.
Onun sözlərinə görə, ağrının, huş itkisinin və ya ikinci bir simptomun yaranmasını gözləmək, yaxud vəziyyətin öz-özünə yaxşılaşacağına ümid etmək olmaz.
Mütəxəssis bildirib ki, insult zamanı müalicəyə başlamaq üçün itirilən vaxt əsassız təcili yardım çağırışından daha təhlükəlidir.

