Xərçəng riskini azaltmaq üçün mütləq bahalı proqramlara və ya ağır məşqlərə ehtiyac yoxdur. Gündəlik həyatda daha çox hərəkət etmək belə sağlamlıq baxımından əhəmiyyət daşıya bilər.
“Newsweek”ə danışan ümumi praktika həkimi Lüsi Huper xərçəng riskinin azaldılmasına kömək edə biləcək ən sadə gündəlik vərdişlərdən birinin hərəkət olduğunu bildirib.
“Birinci yerdə hərəkət dayanır. Mən məhz hərəkətdən danışıram, məşqdən yox. Ev işləri görmək, daha çox gəzmək, ayaq üstə daha çox vaxt keçirmək – bunların hamısı əhəmiyyətlidir və xərçəng riskinin azalmasına kömək edir”, – həkim bildirib.

Huperin sözlərinə görə, bunun üçün mütləq idman zalına getmək və ya xüsusi məşq proqramına başlamaq lazım deyil. Gün ərzində oturaq vaxtı azaltmaq və adi fiziki fəallığı artırmaq da faydalı ola bilər.
Mütəxəssis xərçəng hallarının sayının gələcək illərdə artacağının proqnozlaşdırıldığını da qeyd edib. Onun istinad etdiyi araşdırmaya əsasən, 2050-ci ildə yeni xərçəng hallarının sayı 2024-cü illə müqayisədə 67 faiz arta bilər.
Həkim vurğulayıb ki, bu artım ilk növbədə dünya əhalisinin yaşlanması və insanların daha uzun ömür sürməsi ilə əlaqələndirilir. Bu səbəbdən ümumi halların sayındakı artım hər bir insanın fərdi riskinin eyni nisbətdə yüksəlməsi demək deyil.

