ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukraynadakı müharibəni diplomatik yollarla başa çatdırmaq istədiyini bildirib. O, sülh prosesində əsas çətinliklərdən birinin Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasındakı münasibətlər olduğunu vurğulayıb.
Denmedia.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ Prezidenti Çində Putinlə keçirdiyi görüşü müsbət qiymətləndirərək Rusiya liderinin müharibəni danışıqlar yolu ilə dayandırmaq istədiyini söyləyib.
“Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirdim. O, Rusiya ilə Ukrayna arasındakı müharibənin diplomatik yollarla sona çatmasını istədiyini açıq şəkildə bildirdi”, – deyə Tramp qeyd edib.
Bununla belə, ABŞ lideri Putinlə Zelenski arasında ciddi fikir ayrılıqlarının və qarşılıqlı düşmənçiliyin sülh razılaşmasının əldə olunmasını çətinləşdirdiyini bildirib.
“Problem ondadır ki, Zelenski ilə Putin arasında çox böyük nifrət var. Belə şəraitdə razılaşma əldə etmək heç də asan deyil”, – deyə o vurğulayıb.
Tramp Putinlə söhbəti zamanı ona verdiyi sualı da xatırladıb:
“Ondan soruşdum: Mən prezident olsaydım, müharibəyə başlayardınız? O isə cavab verdi: Xeyr, bu müharibə heç vaxt baş verməzdi”.
ABŞ Prezidenti Ukraynaya mümkün təhlükəsizlik təminatları məsələsinə də münasibət bildirib.
Onun sözlərinə görə, Vaşinqton bu məsələni yalnız tərəflər arasında sülh razılaşması əldə edildikdən sonra müzakirə etməyə hazırdır.
“Hazırda təhlükəsizlik təminatlarından danışmaq istəmirəm. Çünki əvvəlcə razılaşmaya nail olmalıyıq. Razılaşma əldə edildikdən sonra bu prosesdə iştirak edəcəyik”, – deyə Tramp bildirib.
ABŞ lideri Rusiya və Ukrayna arasında müharibənin dayandırılması üçün diplomatik səylərin davam etdirildiyini qeyd edib.
Bununla belə, tərəflər arasında yekun sülh razılaşması hələ əldə olunmayıb.

