19 yanvar tarixində məşhur Hollivud rejissoru və ssenaristi Rocer Allersin vəfat etdiyi məlum olub. Onun ölüm xəbərini dostu və həmkarı Deyv Bossert açıqlayıb.
Rocer Allersin ölüm səbəbi açıqlanmayıb. O, 76 yaşında dünyasını dəyişib.
“Dərin kədərlə dostumuz Rocer Allersin bu dünyadan köçdüyünü və növbəti səyahətinə yollandığını öyrəndim. Cəmi keçən həftə onunla yazışırdıq, o vaxt Misirdə səyahətdə idi, bu isə itkini daha da qeyri-real edir. Rocer son dərəcə istedadlı rəssam və rejissor idi, Disney animasiyasının dirçəliş dövrünün əsas sütunlarından biri sayılırdı. O, sevinc saçan, işıqlı bir ruha malik idi və onsuz dünya daha solğun görünür. Nur içində yat, dostum. O biri tərəfdə görüşərik,” — deyə Bossert bildirib.
Rocer Allers Disney studiyası üçün ən önəmli yaradıcı fiqurlardan biri olub. 1992-ci ildə o, kult statusu qazanan “Ələddin” filminin ssenarisini yazıb, 1994-cü ildə isə rejissor kimi məşhur “Şir Kral” (“The Lion King”) animasiya filmini ekranlara çıxarıb.
Sonrakı illərdə Allers “Kibritli qız”, “İmperatorun macəraları”, “Ov mövsümü” və “Ayı qardaş” kimi animasiya layihələri üzərində də çalışıb. Onun son layihəsi 2014-cü ildə yayımlanan “Peyğəmbər” filmi olub.
Denmedia.az

