Parisdəki Orsey Muzeyində nasistlər tərəfindən oğurlanmış rəsm əsərlərindən ibarət sərgi açılıb.
Bu barədə The Independent nəşri yazıb.
Ekspozisiyaya daxil edilən rəsmlər Avropanın müxtəlif ölkələrində yəhudi ailələrindən oğurlanıb və 1945-ci ildən sonra nasistlərdən müsadirə olunub. Sərgidə ümumilikdə 13 əsər nümayiş etdirilir.
Fransada “yetim rəsmlər” adlandırılan təxminən 2,2 min əsər var — onlar müsadirədən sonra ölkənin milli muzeylərinə verilib. Rəsmlərə onların sahiblərinin varisləri iddia irəli sürə bilər.
Sərginin mərkəzi yerini belçikalı rəssam Alfred Stevensin 1891-ci ildə çəkdiyi əsər tutur. Rəsm ilkin olaraq Adolf Hitlerin Avstriyada yaradılması planlaşdırılan muzeyi üçün nəzərdə tutulmuşdu, lakin daha sonra onun Bavariyadakı evinə aparılıb. Rəsmin heç bir sahibi indiyədək ortaya çıxmayıb və onun 1942-ci ilə qədər kimə məxsus olduğu naməlum olaraq qalır.
Bütün əsərlər elə nümayiş etdirilir ki, ziyarətçilər onların arxa tərəflərini də görə bilsinlər. Həmin hissələrdə əsərlərin şəxsi evlərdən nasistlərin əlinə keçdiyini göstərən möhürlər, etiketlər və nişanlar görünür.

