Maykl Ceksonun “Thriller” klipində geyindiyi məşhur qara-qırmızı gödəkçə dekabrda Əbu-Dabidə hərraca çıxarılacaq.
“Michael Jackson: The Fashion Legacy” adlı hərrac dekabrın 7-də “Rosewood Abu Dhabi” hotelində keçiriləcək. Gödəkçə tədbirin əsas lotlarından biri olacaq. 1983-cü ildə hazırlanmış geyimin dizayneri Debora Nadulman Landisdir. Julien’s Auctions-un məlumatına görə, bu, “Thriller” klipinin çəkilişləri üçün hazırlanmış iki orijinal gödəkçədən biridir.
Hərracda pop musiqisinin kralına məxsus digər əşyalar da satışa çıxarılacaq. Onların arasında Ceksonun “Thriller” klipinin çəkilişləri və məşqləri zamanı geyindiyi qara dəri “Florsheim” loferləri də var. Ayaqqabılarla birlikdə müğənninin klipin xoreoqrafı Maykl Pitersə ünvanladığı avtoqraflı məktub da təqdim ediləcək.

Digər diqqətçəkən lot isə Ceksonun “Motown 25” çıxışı zamanı taxdığı daş-qaşlarla bəzədilmiş əlcəkdir. Onun təxmini qiyməti 600–800 min dollar olaraq göstərilir. Məhz həmin çıxış Ceksonun məşhur “moonwalk” rəqsini televiziya tamaşaçılarına nümayiş etdirdiyi ən yadda qalan səhnələrdən biri olub.
Bundan başqa, hərraca daha bir cüt qara “Florsheim” loferi çıxarılacaq. Cekson bu ayaqqabılardan “moonwalk” hərəkətini ilk dəfə nümayiş etdirdiyi çıxışın məşqləri zamanı istifadə edib. Lotun qiyməti 60–80 min dollar arasında dəyərləndirilir.

