Şlumberje ailəsinin varisləri Klod Monenin “Süsənlər” (“Irislər”) əsərini Parisdə “Sotheby’s” hərracına çıxaracaqlar. Bu barədə “Bloomberg” məlumat yayıb.
Oktyabrın 22-nə planlaşdırılan hərracda əsərin 22–30 milyon avroya satılacağı qiymətləndirilir. Rəsm indiyədək heç vaxt ictimaiyyətə nümayiş etdirilməyib.
Əsər “Schlumberger” neft-servis şirkətinin yaradıcılarından biri Marsel Şlumberjenin həyat yoldaşı Janna Şlumberjenin varislərinə məxsusdur. O, tablonu Parisdəki şəxsi iqamətgahında saxlayıb və sərgilənməsinə icazə verməyib.

“Sotheby’s”in Fransada modernizm və müasir incəsənət departamentinin həmsədri Tomas Bomparın sözlərinə görə, bu, əsərin “möhtəşəm” vəziyyətdə qorunmasına imkan verib. Tablo laklanmayıb və başqa kətana köçürülməyib.
Əgər “Süsənlər” 30 milyon avroya satılarsa, Fransada hərracda satılan ən bahalı sənət əsəri üzrə rekorda imza ata bilər.

