ABŞ-nin İranla müharibəyə çəkdiyi hərbi xərclər 48,3 milyard dollara çatıb. Lakin bu məbləğə İranın hücumları nəticəsində zədələnmiş Amerika hərbi bazalarının bərpasına tələb olunan vəsait daxil edilməyib.
Denmedia.az xəbər verir ki, bu barədə Pentaqonun maliyyə məsələləri üzrə rəsmisi Artur Miller ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə məlumat verib.
Onun sözlərinə görə, noyabrın 13-nə olan hesablamalara əsasən, müharibənin ABŞ-yə maliyyəti 48,3 milyard dollar təşkil edib. Bu məbləğə hərbi əməliyyatlar, istifadə olunan döyüş sursatları, eləcə də itirilmiş hərbi texnika və avadanlıqların əvəzlənməsi xərcləri daxildir.
Bununla belə, müharibənin real maliyyəsinin daha yüksək olduğu ehtimal edilir. Çünki İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə də ciddi ziyan dəyib.
“Associated Press” agentliyinin araşdırmasına əsasən, İranın hücumları zamanı təyyarə anqarları, hava hücumlarını aşkarlayan sistemlər, hərbi anbarlar və şəxsi heyətin yerləşdiyi obyektlər zədələnib. Dəymiş ziyanın milyardlarla dollar olduğu bildirilir.
Məsələ ABŞ Konqresində də müzakirələrə səbəb olub. Demokrat senator Riçard Blumental hərbi bazalara dəyən ziyanın məbləğini soruşsa da, Pentaqon rəsmisi bu barədə dəqiq hesablamanın olmadığını bildirib.
Komitənin sədri, respublikaçı senator Rocer Uiker isə həmin məlumatların mümkün qədər tez təqdim edilməsini tələb edib.
İrana qarşı tətbiq olunan dəniz blokadasının gündəlik xərcinin təxminən 32,5 milyon dollar olduğu bildirilir. Bu isə bir ay ərzində təxminən bir milyard dollarlıq əlavə maliyyə yükü deməkdir.
Demokrat senator Elizabet Uorren bu rəqəmi müstəqil hesablamalara və media məlumatlarına istinadla gündəmə gətirib. ABŞ Hərbi Dəniz Qüvvələri nazirinin səlahiyyətlərini icra edən Hunq Kao da gündəlik xərc göstəricisini təsdiqləyib.
Uorren, həmçinin İranın Bəhreyndə yerləşən Amerika hərbi dəniz qüvvələrinin regional qərargahına hücumu nəticəsində ən azı 400 milyon dollar ziyan dəydiyinə dair qiymətləndirmələrə diqqət çəkib. Lakin bu məbləğ hələlik rəsmi olaraq təsdiqlənməyib.
Müharibənin maliyyə yükü Vaşinqtonda siyasi müzakirələri də gücləndirib. Tramp administrasiyasının 1,5 trilyon dollarlıq müdafiə büdcəsinin qəbuluna çalışdığı bir vaxtda Konqres üzvləri hərbi əməliyyatlara çəkilən xərclərin tam və şəffaf şəkildə açıqlanmasını istəyirlər.
Hazırda müharibənin yekun maliyyə dəyəri məlum deyil. Zədələnmiş hərbi obyektlərin bərpasına çəkiləcək xərclər müəyyənləşdirildikdən sonra ümumi məbləğin daha da artacağı gözlənilir.

