Qış aylarında orqanizmin infeksiyalara qarşı müdafiəsini dəstəkləmək üçün hər gün alma yemək faydalı ola bilər.
Denmedia.az xəbər verir ki, bunu hepatoloq, professor Debbi Şoukross The Guardian nəşrinə müsahibəsində bildirib.
Həkimin sözlərinə görə, alma bağırsaqdakı faydalı bakteriyaları qidalandıran pektin adlı liflə zəngindir. Bu bakteriyalar pektini parçalayaraq qısazəncirli yağ turşuları əmələ gətirir. Həmin maddələr bağırsaq divarının sağlamlığını qorumağa və immun sisteminin fəaliyyətini tənzimləməyə kömək edir.

“Sağlam və müxtəlif bağırsaq mikrobiomu orqanizmin infeksiyalarla mübarizəsində mühüm köməkçidir”, – deyə professor vurğulayıb.
Şoukross armud, portağal, yerkökü, gavalı, albalı, ərik və şaftalının da pektin, lif və faydalı bitki birləşmələri ilə zəngin olduğunu bildirib.
Mütəxəssis, həmçinin Brüssel kələminin faydalarına diqqət çəkib. Onun sözlərinə görə, bu tərəvəz bağırsaqdakı faydalı bakteriyaların fəaliyyətini dəstəkləyən lif və bitki birləşmələri, eləcə də C vitamini ilə zəngindir.
Həkim immun sağlamlığını qorumaq üçün alkoqol qəbulunu da məhdudlaşdırmağı tövsiyə edib. O, həftədə ən azı iki-üç gün spirtli içkilərdən uzaq durmağı, alkoqol qəbul edildikdə isə həddindən artıq içməməyi və acqarına spirtli içki qəbulundan çəkinməyi məsləhət görüb.

