ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında NBC telekanalının müxbirinin sualını cavablandırmaqdan imtina edib. Dövlət başçısı jurnalisti kobud davranışda ittiham edərək ona zalın arxa sırasında oturmağı məsləhət görüb.
Denmedia.az xəbər verir ki, hadisə noyabrın 20-də Ağ Evdə keçirilən mətbuat konfransı zamanı baş verib.
NBC-nin Ağ Ev üzrə müxbiri Monika Alba immiqrasiya ilə bağlı sual verməyə çalışarkən Tramp onun sözünü kəsərək hansı media qurumunu təmsil etdiyini soruşub.
Jurnalist NBC telekanalında çalışdığını bildirdikdən sonra prezident onunla danışmaq istəmədiyini deyib.
“Siz həqiqətən çox kobud insansınız. Mən sizinlə danışmıram. Siz ön sırada deyil, zalın ən arxa sırasında oturmalısınız”, – deyə Tramp jurnalistə müraciət edib.
Bundan sonra ABŞ Prezidenti müxbirin sualını cavablandırmadan dialoqu dayandırıb.

