“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 34-cü ildönümü ilə əlaqədar “Tarixi Zəfərdən yeni zirvələrə: Yeni Azərbaycan Partiyasının müasir inkişaf xətti” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə, Müşfiq Məmmədli, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Orxan Bayramov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, rayon təşkilatının kollektivi, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailə üzvləri, qazilər, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxış edən natiqlər Yeni Azərbaycan Partiyasının yaranmasının ölkəmizin siyasi tarixində mühüm hadisə olduğunu vurğulayaraq, partiyanın ötən 34 il ərzində keçdiyi inkişaf yolundan və cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi qazandığı nüfuzdan bəhs ediblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs əsasında yaradılan YAP Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsində, milli birliyin qorunmasında və dövlətçilik ənənələrinin inkişafında mühüm missiya həyata keçirib.
Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlara toxunaraq qeyd ediblər ki, bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyə malik, öz milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlətdir. Əldə olunan tarixi Zəfər, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açıb.
Tədbirdə vurğulanıb ki, YAP bu gün də müasir çağırışlara uyğun fəaliyyət göstərərək dövlət siyasətinin həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına töhfə verir. Partiyanın 34 illik fəaliyyəti onun dəyişən dövrün tələblərinə uyğun yenilənmək, eyni zamanda, milli dəyərlərə və dövlətçilik prinsiplərinə sadiq qalmaq əzmini nümayiş etdirir.
Sonda Yeni Azərbaycan Partiyasının bundan sonra da Azərbaycanın tərəqqisi, milli həmrəyliyin gücləndirilməsi və qarşıya qoyulan strateji hədəflərin reallaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirəcəyinə əminlik ifadə olunub.
Sonra YAP Quba rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib.
Sonda partiya sıralarına yeni qəbul olunan üzvlərə partiya vəsiqələri təqdim olunub.
Tədbirin rəsmi hissəsinə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.
Tədbir təbii hissə ilə davam edib.
Nüşabə Baxşıyeva
Denmedia.az

