İranın xarici işlər naziri Abbas Araqçi ölkəsinin 60 faizədək zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı danışıqlara hazır olduğunu, lakin bu materialların ölkədən çıxarılmasına razılıq verməyəcəyini bildirib.
Denmedia.az xəbər verir ki, nazir bu barədə İranın Iran qəzetinə müsahibəsində danışıb.
Araqçinin sözlərinə görə, uranın zənginləşdirilməsi məsələsində tərəflərin maraqlarını nəzərə alan ədalətli həll yolu tapmaq mümkündür. Lakin istənilən razılaşma İranın milli maraqlarını qoruyan daha geniş sazişin tərkib hissəsi olmalıdır.
“Bu materiallar ölkədən çıxarılmayacaq”, – deyə nazir Tehranın əsas şərtlərindən birini vurğulayıb.
O, İranın rəsmi nüvə doktrinasının dəyişmədiyini də bildirib.
Vaşinqtonla danışıqların perspektivlərinə toxunan Araqçi İranın mövcud “nə müharibə, nə sülh” vəziyyətindən çıxmaq istədiyini qeyd edib.
Nazirin sözlərinə görə, Tehran yeni müharibənin qarşısını alacaq “yaxşı, ləyaqətli və davamlı razılaşma” əldə etməyə çalışır. Bununla belə, İran ABŞ-nin öz qələbəsi kimi təqdim edə biləcəyi birtərəfli güzəştlərə razı olmayacaq.
Araqçi tərəflər arasında diplomatik təmasların tamamilə dayanmadığını da təsdiqləyib. Onun sözlərinə görə, Tehran və Vaşinqton Qətər və Pakistan vasitəsilə təklif və mesaj mübadiləsini davam etdirirlər.

