“Bələdiyyələrin inkişafı və əhali arasında nüfuzunun artması ilk növbədə şəffaf, əlçatan və vətəndaş yönümlü idarəetmədən keçir”- fikirləri DenMedia.az- a Sumqayıt bələdiyyəsinin sədri Adil Xudadatov deyib.
Sədrin fikrincə, “bu prosesə real təsir göstərə biləcək ilk addım bələdiyyə–vətəndaş kommunikasiyasının gücləndirilməsi və rəqəmsal xidmətlərin genişləndirilməsidir. Sumqayıt bələdiyyəsi olaraq biz artıq 4 nömrəli çağrı mərkəzi xidmətini reallaşdırmışıq və qısa zaman kəsiyində nömrəmiz aktiv olacaq və Sumqayıt bələdiyyəsinin 1923 nömrəli Çağrı mərkəzimiz olacaq.”
Sədr qeyd edib ki, ancaq bu istiqamətdə həyata keçirmək niyyətində olduğumuz təkliflərimiz də var.
Belə ki, “Bələdiyyə Açıq Platforması” – vətəndaşların şikayət, təklif, məlumat sorğularını operativ göndərə biləcəyi, həmçinin görülən işləri real vaxt rejimində izləyə biləcəyi vahid rəqəmsal sistemin yaradılmasını hesab etmək olar. Bu həm şəffaflığı artırar, həm də insanlarda bələdiyyəyə etimad hissini gücləndirər.
Nəzərdə tutduğumuz digər layihə isə kütləvi maarifləndirici görüşlər və səyyar qəbul günlərinin davamlı şəkildə həyata keçirilməsidir. Bu addımın atılması nəticə etibari ilə hər məhəllədə vətəndaşlarla açıq dialoq formatında müzakirələrin keçirilməsi, insanların bələdiyyənin fəaliyyətini yaxından ünsiyyətinə və öz problemlərini birbaşa çatdırmasına imkan yaradacaqdır.
Torpaq, mülkiyyət və kommunal məsələlər üzrə prosedurların sadələşdirilməsi və vətəndaşın sənəd işlərində əlavə vaxt itkisini aradan qaldıracaq mexanizmlərin qurulması, konkret olaraq icra mexanizminin gücləndirilməsi problemin həlli baxımından töhfə verəcək addımlardan hesab etmək olar. Bu prosesin icrası sürətləndirilərsə əhalinin bələdiyyəyə münasibətini xeyli yaxşılaşdıracaq, nəticədə şəffaflıq, rəqəmsallaşma və vətəndaşla birbaşa ünsiyyət təşkilini sürətləndirəcək və bələdiyyənin nüfuzunu artıracaq, həm də problemlərin real həllinə ciddi dəstək vermiş olacaqdır.

