Abşeron rayonunun Mehdiabad qəsəbəsində müştərisinin pensiya pulunu oğurlamaqda şübhəli bilinən bərbər saxlanılıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, zərərçəkmiş şəxs polisə müraciət edərək küçədə naməlum şəxsin ona zor tətbiq etdiyini və 485 manat pulunu taladığını deyib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs — əvvəllər məhkum olunmuş 43 yaşlı Hüseynbala Cəfərov müəyyən edilərək saxlanılıb.
İstintaqla müəyyən olunub ki, həmin gün zərərçəkmiş mütəmadi getdiyi kişi salonuna baş çəkib və söhbət zamanı bərbərinə pensiyasının köçürüldüyünü bildirib. Bundan xəbər tutan şübhəli şəxs kişini izləyib, ona zor tətbiq edib, başına polietilen paket keçirərək cibindəki pulu götürüb.
Məlumata görə, o, oğurladığı məbləği onlayn qaydada İran vətəndaşına köçürüb. Həmin şəxsin kimliyi araşdırılır. Pulun narkotik vasitələrin alınması məqsədilə göndərildiyi bildirilir.

