Azərbaycanın tanınmış jurnalisti və analitik müəllifi Nurani vəfat edib.
Denmedia.az xəbər verir ki, bu barədə “Minval Politika”nın baş redaktoru Emil Mustafayev məlumat verib.
Onun sözlərinə görə, əsl adı Tofiqə xanım olan jurnalist uzun illər Azərbaycan mediasında “Nurani” imzası ilə tanınıb.
Emil Mustafayev jurnalistin təxəllüsünün yaranması ilə bağlı maraqlı xatirəni də bölüşüb. Bildirib ki, Tofiqə xanım uşaq yaşlarında valideynləri ilə Təbrizdə olarkən mağaza sahiblərindən biri onu görərək “Nə nurani qızdır...” deyib. İllər sonra o, həmin sözləri xatırlayaraq özünə “Nurani” təxəllüsünü seçib.
Bu adla Azərbaycan jurnalistikasında tanınan Nurani analitik yazıları, hadisələrin arxasındakı prosesləri və motivləri görmək bacarığı ilə seçilib.
Mustafayev onun son iş günündən də danışıb. Bildirib ki, Nurani həmin gün evdən işləyirmiş və səhhətinin çox pis olduğunu redaksiyaya deməyib.
Özünü ağır hiss etməsinə baxmayaraq, yazısını yarımçıq qoymayıb. Nurani məqaləsini tamamlayıb, son nöqtəni qoyub və yalnız bundan sonra vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib.

Baş redaktor həmkarı ilə vidalaşarkən yazıb:
“Başqa Nurani olmayacaq.”
O, jurnalistin peşəsinə sonadək sadiq qaldığını vurğulayaraq Nuraninin Azərbaycan jurnalistikasında və onu tanıyan insanların yaddaşında iz qoyduğunu bildirib.
“Elə insanlar var ki, onlardan sonra boşluq qalır. Elə insanlar da var ki, onlardan sonra işıq qalır. Nurani işıq qoyub getdi”, – Emil Mustafayev qeyd edib.

