Azərbaycanda avqustun 30-dək güclü külək, ayrı-ayrı ərazilərdə intensiv yağış və bəzi dağ çaylarında qısamüddətli sel hadisələri gözlənilir. Fövqəladə Hallar Nazirliyi əhaliyə təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edib.
Milli Hidrometeorologiya Xidməti Bakıda, Abşeron yarımadasında və bir sıra bölgələrdə sarı və narıncı xəbərdarlıq elan edib. Bakıda və Abşeronda, həmçinin Goranboy, Naftalan, Culfa və Ordubadda küləyin sürətinin 20,8–28,4 m/saniyəyə çatacağı gözlənilir.
FHN güclü külək zamanı yüngül konstruksiyalardan, reklam lövhələrindən, elektrik dirəkləri və naqillərindən, hündür ağaclardan uzaq durmağı tövsiyə edir.
Kiçikhəcmli gəmilərin belə hava şəraitində dənizə çıxması qadağandır. Nazirlik həmçinin güclü külək zamanı dənizə girməyin təhlükəli olduğunu xatırladıb.
Sel və daşqın təhlükəsi olan ərazilərdə yaşayanlara çay yataqları və riskli zonalardan uzaq durmaq, təhlükə yaranarsa dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
İldırım zamanı elektrik cihazlarının şəbəkədən ayrılması, açıq ərazidə hündür ağacların və elektrik xətlərinin altında dayanmamaq məsləhətdir.
Təhlükəli vəziyyət zamanı “112”yə zəng etmək tövsiyə olunur.

