Ermənistanın Baş naziri Nikol Paşinyan son çıxışında ölkənin mövqeyinin əvvəlkindən qat-qat güclü olduğunu və nüfuzunun artdığını bildirib. Baş nazir bütün bu vəziyyətin Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində addımlar atılmasından qaynaqlandığını vurğulayıb.
Paşinyan Qarabağı itirmədiklərini, onun yerinə Ermənistanı qazandıqlarını söyləyib. O, həmçinin İranın üzərində heç vaxt olmadığı qədər çox sayda qırıcıların uçduğunu deyib.
Den.az xəbər verir ki, politoloq Vəli Əlibəyov deyib ki, Paşinyanın “Qarabağı yox, Ermənistanı qazandıq” deməsi reallığı əks etdirən və daxili auditoriyaya ünvanlanmış psixoloji və strateji mesajdır:
“Bu mesaj həmçinin ona qarşı irəli sürülən ittihamlara cavab vermək cəhdidir. Mesajın məğzi ondan ibarətdir ki, müharibədəki məğlubiyyət Ermənistana öz dövlətçiliyini, sabitliyini və beynəlxalq əlaqələrini möhkəmlətməyə kömək etdi. Paşinyanın İranın üzərində raket deyil, təyyarələrin uçması ilə bağlı fikri də maraqlıdır. Ola bilər, bununla Ermənistan cəmiyyətinə göstərmək istəyir ki, əsas müttəfiqlərimizdən İran öz hava məkanına hakim ola bilmir, orada İsrail təyyarələri uçur. Yəni Ermənistan bu gün tək qalıb. Bunun üçün də qonşuları Azərbaycan və Türkiyə ilə anlaşmağa məhkumdur.