Azərbaycan Səhiyyə Nazirliyi dəfələrlə yoxlanılmasına və barəsində inzibati protokollar tərtib olunmasına baxmayaraq, lisenziyasız kosmetoloji xidmət göstərməyə davam etdiyi bildirilən Elnarə Canlı ilə bağlı Baş Prokurorluğa müraciət edib.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin məlumatına görə, yoxlamalara vətəndaş müraciətləri və mediada yayılan materiallar əsas olub.
Araşdırma zamanı Elnarə Fəxrəddin qızı Canlının Yasamal rayonunda müvafiq lisenziya olmadan özəl tibbi fəaliyyət və kosmetoloji xidmət göstərdiyi müəyyən edilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə bir neçə protokol tərtib olunaraq aidiyyəti qurumlara göndərilib. Son yoxlama zamanı fəaliyyət ünvanı Salatın Əsgərova küçəsi 79, mənzil 8 kimi göstərilib.
Nazirlik bildirib ki, görülən tədbirlərə baxmayaraq fəaliyyət davam etdirildiyi üçün əlavə hüquqi tədbirlərin görülməsi məqsədilə Baş Prokurorluğa müraciət olunub.

