Azərbaycan kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Somalinin kənd təsərrüfatı və suvarma naziri Mohamed Abdi Hayirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Den.az” xəbər verir ki, Məcnun Məmmədov, ölkədə aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin son illərdə qeyri-neft sektoruna göstərdiyi yüksək diqqət nəticəsində aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının inkişafını hədəfləyir və bu məqsədlə dövlət tərəfindən geniş dəstək tədbirləri həyata keçirilir.
Nazir qeyd edib ki, Prezident İlham Əliyev Afrika ölkələri, o cümlədən Somali ilə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir. Nazir vurğulayıb ki, kənd təsərrüfatı gələcək əməkdaşlıq üçün ən perspektivli sahələrdən biridir. O, iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu qeyd edib. Bu baxımdan, hər iki ölkənin biznes subyektləri arasında birbaşa əlaqələrin qurulması və ixrac potensialı yüksək olan məhsullar barədə informasiya mübadiləsinin aparılması mühüm əhəmiyyət daşıyır.
Nazir Somali tərəfini Qafqazın ən böyük kənd təsərrüfatı sərgisi olan “Caspian Agro”nun 2026-cı ildə keçiriləcək sərgisində fəal iştirak etməyə və milli pavilyonla təmsil olunmağa dəvət edib. Görüş zamanı Azərbaycanın kənd təsərrüfatı sektorunda tətbiq edilən ən son texnologiyalar və təcrübələrin Somali tərəfi ilə paylaşılmağa hazır olduğu vurğulanıb. Eyni zamanda, Somalidən olan tələbələr Azərbaycan Dövlət Aqrar Universitetində təqaüd proqramları çərçivəsində təhsil almağa dəvət olunub.
Somalinin kənd təsərrüfatı və suvarma naziri Mohamed Abdi Hayir öz növbəsində ölkəsinin Azərbaycanla bütün sahələrdə tərəfdaşlığın inkişafında maraqlı olduğunu bildirib. Nazir kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş potensialın mövcudluğunu vurğulayıb. Tərəflər aqrar əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər.
İkitərəfli görüş zamanı Azərbaycan və Somali arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Somalinin kənd təsərrüfatı və suvarma naziri Mohamed Abdi Hayir imzalayıblar.
Anlaşma Memorandumunda aqrar sahədə gələcək əməkdaşlığın istiqamətləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər kənd təsərrüfatı üzrə birgə İşçi Qrupun yaradılması, kənd təsərrüfatı sahəsində qarşılıqlı maraq doğuran prioritet istiqamətlər üzrə birgə investisiya layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı torpaqlarının səmərəli istifadəsi, ticarət dövriyyəsinin artırılması məqsədilə ixrac potensiallı kənd təsərrüfatı məhsulları barədə məlumat mübadiləsi, kənd təsərrüfatı sahəsində rəqəmsallaşdırma, aqrar sığorta sahəsində təcrübənin paylaşılması, suvarma suyunun idarə edilməsində qabaqcıl təcrübələrin inkişafı və mübadiləsi, kənd təsərrüfatı sahəsində elmi və texnoloji yeniliklərin mübadiləsi, aqrar sahədə təlim və seminarların təşkili, aqrar tədqiqat, kənd təsərrüfatı infrastrukturunun inkişafı, ticarət missiyalarının təşkili, özəl sektorun işgüzar tədbirlərə cəlb olunmasının təşviqi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.



