Böyük Britaniyanın baş naziri Endi Börnhem vəzifəyə başladıqdan sonra ilk ciddi siyasi sınaqlardan biri ilə üzləşib. The Telegraph yazır ki, buna səbəb 2019-cu ildə polis əməkdaşı Endryu Harperin ölümündə təqsirli bilinən şəxslərin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı hökumətin ziddiyyətli mövqeyi olub. Börnhem 20 iyul 2026-cı ildə baş nazir vəzifəsinə başlayıb.
Baş nazir əvvəlcə ölkə üzrə erkən azadlığa buraxılma mexanizmini dayandırıb, daha sonra sistemi yenidən işə salıb, lakin ağır zorakı cinayətlərə görə məhkum olunanların azad edilməsinə məhdudiyyət qoyub. Sonrakı tənqidlərdən sonra isə hökumət Harperin ölümündə təqsirli bilinən şəxslərin həbsdə saxlanılması üçün ayrıca həll yolu axtarmağa başlayıb.
Məsələ ölkədə böyük rezonans doğurub. İngiltərə və Uels üzrə polis rəhbərləri də baş nazirə müraciət edərək ağır cinayətlərə görə məhkum olunan şəxslərin erkən azad edilməsinə əlavə məhdudiyyətlər qoyulmasını tələb ediblər.
Endryu Harper 2019-cu ilin avqustunda, 28 yaşında, Berkşirdə oğurlanmış kvadrosikllə bağlı əməliyyat zamanı həyatını itirib. Onun ölümü ilə bağlı məhkum olunan şəxslərin vaxtından əvvəl azad edilməsi ehtimalı Harperin ailəsinin və polis ictimaiyyətinin sərt reaksiyasına səbəb olub.

