Böyük Britaniya hökuməti həbsxanalarda yer çatışmazlığı səbəbindən məhkumların vaxtından əvvəl azad edilməsi proqramını davam etdirəcək.
Ölkənin Baş naziri Endi Bernem “X” sosial şəbəkəsində bildirib ki, yeni qaydalar zorlama və uşaqlara qarşı ağır cinayətlərə görə məhkum olunan şəxslərə şamil edilməyəcək.
Onun sözlərinə görə, həbsxana sistemi artıq imkanlarının son həddinə çatıb və yeni cinayət törədən şəxslərin vaxtında həbsə göndərilə bilməməsi riski yaranıb.
Bernem mövcud vəziyyətə görə 2010–2024-cü illərdə hakimiyyətdə olmuş Mühafizəkarlar Partiyasını günahlandırıb.
Baş nazir vaxtından əvvəl azad edilən şəxslərin qurbanlarının qəzəb və narahatlığını anladığını deyib. Bununla belə, proqramın dayandırılmasının həbsxanaların həddən artıq dolmasına və bütün ədliyyə sisteminin iflic olmasına səbəb ola biləcəyini vurğulayıb.
“Polis saxlanılmalar həyata keçirə bilməz, məhkəmələr isə yeni cinayətkarları həbsxanaya göndərə bilməzdi. Ədliyyə sistemimiz tamamilə iflic olardı”, – deyə Bernem bildirib.
Hökumət vaxtından əvvəl azad edilən məhkumlara nəzarətin gücləndiriləcəyini də açıqlayıb.
Bundan əlavə, Viktoriya dövründən bəri ən böyük həbsxana tikintisi proqramının həyata keçirilməsi planlaşdırılır. Proqram çərçivəsində 2031-ci ilədək ölkədə 14 min yeni həbsxana yerinin yaradılması nəzərdə tutulur.

