Prezident İlham Əliyev Azərbaycanın ikitərəfli gündəliyinin ilk növbədə Türk dünyası ölkələrinə yönəldiyini bildirib.
Dövlət başçısı bunu sentyabrın 17-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib.
Prezident qeyd edib ki, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradılıb, hazırda qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması prosesi fəal şəkildə davam edir.
“Ölkəmizin ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir”, – Prezident bildirib.
İlham Əliyev Türk dünyasının Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq deyib: “Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”.

