CNN-in siyasətçinin ailəsinə istinadən verdiyi məlumata görə, 2001–2009-cu illərdə ABŞ-ın vitse-prezidenti olmuş Dik Çeyni 84 yaşında dünyasını dəyişib.
Onun ölüm səbəbi açıqlanmayıb. 2012-ci ildə Çeyniyə ürək transplantasiyası əməliyyatı aparılmışdı, bundan əvvəl isə o, beş dəfə infarkt keçirmişdi.
Respublikaçılar Partiyasının üzvü olan siyasətçi son illərdə Donald Trampı tənqid edir, hətta 2024-cü il prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisə dəstəyini ifadə etmişdi.
Çeyni Corc Buş (kiçik) administrasiyasında vitse-prezident olub. Corc Buş (böyük) prezident olarkən isə o, 1989–1993-cü illərdə müdafiə naziri vəzifəsini tutub. Məhz onun dövründə “Səhrada Fırtına” əməliyyatı həyata keçirilmişdi.
Siyasətçi həmçinin 1975–1977-ci illərdə ABŞ-ın 38-ci prezidenti Cerald Fordun administrasiyasına rəhbərlik etmişdi.
Amerika mətbuatının fikrincə, Dik Çeyni bu vəzifədə ABŞ tarixindəki ən nüfuzlu şəxslərdən biri sayılırdı.
O, xüsusilə xarici siyasətdə fəal mövqeyi ilə tanınır, beynəlxalq problemlərin silah gücü ilə həllini dəstəkləyir və neokonservativ cərəyanın əsas simalarından biri hesab olunurdu. Çeyni həmçinin 2003-cü ildə ABŞ və müttəfiqlərinin İraqa hücumunun əsas təşəbbüskarlarından biri idi və bu əməliyyatın məqsədi Səddam Hüseynin devrilməsi olmuşdu.

