Türkiyəli aktrisa Bergüzar Korel ENKA Açıq Hava Teatrında keçiriləcək “Hatırladıkça” konserti öncəsi jurnalistlərin suallarını cavablandırıb.
Korel bildirib ki, bu səhnədə çıxış etmək onun üçün xüsusi məna daşıyır. Onun sözlərinə görə, tələbəlik illərində həmin məkanda səhnə arxasında çalışıb, indi isə eyni səhnədə müğənni kimi çıxış edəcək.
Aktrisa musiqi fəaliyyətinə yeni başlamadığını xatırladaraq, 10 il əvvəl albom buraxdığını, lakin səhnə fəaliyyətinin məhz indi doğru zamanda başladığını deyib. O, hazırda vokal dərsləri aldığını və konsertlər üçün ciddi hazırlaşdığını qeyd edib.
Harbiyə Açıq Hava Teatrında çıxış etmək arzusundan danışan Korel bunun hər bir sənətçinin arzusu olduğunu, lakin bunun üçün hələ tez olduğunu bildirib.
Son vaxtlar haqqında yayılan arıqlamaq və mədə əməliyyatı iddialarına da münasibət bildirən aktrisa, heç bir mədə əməliyyatı etdirmədiyini vurğulayıb. O, 2023-cü ildən etibarən müntəzəm idman sayəsində artıq çəkidən xilas olduğunu söyləyib.
Bergüzar Korel əlavə edib ki, aktyorluq və musiqi bir-birini tamamlayan sahələrdir və sağlamlığı imkan verdiyi müddətdə səhnədə olmağa davam etmək istəyir.

