Xəbər verdiyimiz kimi, “MasterChef Türkiye” yarışmasının qalibi kimi tanınan məşhur aşpaz Eren Kaşıkçı Kilyosdakı evində ölü tapılıb.
Ailəsi bir müddət ondan xəbər ala bilmədikdən sonra hadisə yerinə tibbi və təhlükəsizlik əməkdaşları çağırılıb. Evə daxil olan əməkdaşlar aşpazın həyatını itirdiyini müəyyən ediblər.

Ölümün şübhəli hesab olunması səbəbindən İstanbul Respublika Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb.
Kaşıkçıdan xəbər alınmadığını ilk olaraq aidiyyəti qurumlara bildirən iş ortağı Mikail Malkoçoğlu ölüm səbəbinin hələ dəqiqləşmədiyini deyib:
“Dəqiq nəticəni məhkəmə-tibbi ekspertizasının hesabatından sonra biləcəyik. Lakin tibbi heyətin ilkin qənaəti onun ürək tutması keçirməsi istiqamətindədir”.
Məlumata görə, aşpaz son günlər Kadıköydəki restoranını genişləndirmək və Pendik Kurtköydə yeni filial açmaq üçün intensiv çalışırmış.

