“MasterChef Türkiye 2021” yarışmasının qalibi, tanınmış aşpaz Eren Kaşıkçı İstanbulun Kilyos bölgəsində yerləşən evində ölü tapılıb.
Hadisə axşam saatlarında Kumköy məhəlləsində baş verib. Yaxınları bir müddət ondan xəbər ala bilmədikdən sonra aidiyyəti qurumlara müraciət ediblər. Ünvanına gələn jandarma və təcili tibbi yardım əməkdaşları məşhur aşpazın həyatını itirdiyini müəyyənləşdiriblər.
İlkin baxışdan sonra meyit ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza İnstitutunun morquna aparılıb. Hadisənin şübhəli xarakter daşıması səbəbindən İstanbul Respublika Baş Prokurorluğu tərəfindən genişmiqyaslı araşdırma başladılıb.
Jurnalist Doğan Can Cesur Emrullah Erdinçin YouTube proqramında hadisə yerində diqqət çəkən detalı açıqlayıb. Onun sözlərinə görə, Eren Kaşıkçının əli yatağının yanındakı tumba üzərində olan dərmanlara doğru uzanmış vəziyyətdə qalıb.
Hazırda istintaq çərçivəsində onun ölümünün dəqiq səbəbi və hadisənin bütün detalları araşdırılır.




