Məşhur türkiyəli müğənni Deniz Seki İstanbuldakı evində keçirdiyi qəza nəticəsində xəsarət alıb.
Türkiyə mediasının məlumatına görə, hadisə gecə saatlarında baş verib. İlkin xəbərlərdə Seki balkona çıxarkən yıxıldığı bildirilsə də, daha sonra onun sosial şəbəkə hesabından verilən açıqlamada bu məlumat təkzib edilib.

Açıqlamaya əsasən, müğənni konsertdən sonra evində pişik və itlərinə yemək verərkən sürüşkən döşəmədə ayağı sürüşərək yıxılıb.
Xəstəxanada aparılan müayinələr zamanı çanaq sümüyündə sınıq və onurğa nahiyəsində zədələnmə müəyyən edilib. Seki qısa müddətdə əməliyyata alınıb və əməliyyatın uğurlu keçdiyi bildirilib.

Müğənninin səhhətinin hazırda yaxşı olduğu, həkim nəzarətində saxlanıldığı və bir müddət istirahət etdikdən sonra yenidən səhnəyə qayıtmasının gözlənildiyi qeyd olunub.

