Uşaq yaşlarından ekranlarda olan 17 yaşlı aktrisa Ülkü Hilal Çiftçi ilə atası Ünal Çiftçi arasında hüquqi mübahisə yaranıb.
Ünal Çiftçi qızının 18 yaşı tamam olmadan onun razılığı olmadan layihələrdə işlədildiyini, həmçinin 27 yaşlı bir aktyorla emosional münasibətdə olduğunu iddia edərək prokurorluğa müraciət edib.
Prokurorluqda ifadə verən Ülkü Hilal Çiftçi isə atasının iddialarını rədd edib.
Gənc aktrisa bildirib ki, 12 ildir aktyorluq edir və iştirak etdiyi layihələrdə valideynlərinin razılığı olmadan istehsal şirkətləri prosesi davam etdirmir.
O deyib ki, valideynlərinin onun işləməsinə dair razılıq sənədləri mövcuddur və atası ilə anasının boşanma mərhələsində olması bu şikayətə səbəb olub.
Ülkü Hilal Çiftçi, həmçinin iş yerində hər hansı pis rəftar və ya mobbinqlə üzləşmədiyini bildirib.
“Atamın iddiası doğru deyil”
Sabah-ın məlumatına görə, aktrisa ifadəsində oynadığı layihələrdə ədəbsiz və ya açıq-saçıq məzmunlu rollarının olmadığını, tamamilə öz istəyi ilə işlədiyini deyib.
O, atasının iddia etdiyi kimi emosional münasibətinin olmadığını da vurğulayıb:
“Söhbət Hakan Çelebidən gedir. O, mənim yaxın dostumdur. Atam da onu tanıyır.”
Gənc aktrisa hesab edir ki, atasının bu addımı atmasının səbəbi Hakan Çelebinin boşanma prosesi zamanı anasına vəkil tanışlarını tövsiyə etməsi olub.
Prokurorluq qərar verdi
Anadolu Respublika Baş Prokurorluğu iki ayrı iş üzrə qərar verib.
Prokurorluq toplanan ifadələr və iş materiallarını qiymətləndirərək cinayət təqibi üçün kifayət qədər sübut və cinayət tərkibi olmadığı qənaətinə gəlib.

Ailə razılığı olmadan yetkinlik yaşına çatmayan şəxsin işlədilməsi ilə bağlı iddianın isə əmək hüququ çərçivəsində qiymətləndirilməli olduğu bildirilib.
Bundan başqa, Ülkü Hilal Çiftçinin menecerlik şirkəti də Ünal Çiftçi barəsində “böhtan” ittihamı ilə şikayət edib. Şirkət atasının irəli sürdüyü iddiaların əsassız olduğunu və şirkətin kommersiya nüfuzuna zərər vurduğunu bildirib.

