“Yeraltı” serialında Melek obrazını canlandıran Ülkü Hilal Çiftçi atası Ünal Çiftçinin İstanbul Anadolu Baş Prokurorluğuna etdiyi müraciətdən sonra yenidən gündəmə gəlib.
Hürriyet-in məlumatına görə, Ünal Çiftçi yetkinlik yaşına çatmayan qızının onun razılığı olmadan layihələrdə iştirak etdiyini, həmçinin eyni serialda rol alan Hakan Çelebi ilə emosional münasibət yaşadığını iddia edib. O, Hakan Çelebi və menecerlik şirkətinin sahibi Gözde Yılmaz barəsində şikayət edərək məsələnin araşdırılmasını istəyib.
İddiaların ictimailəşməsindən sonra OnTalent Menajerlik yazılı açıqlama yayaraq ittihamları rədd edib. Şirkət 17 yaşlı bir aktyorun şəxsi həyatı və ailədaxili məsələlərinin ictimai müzakirəyə çıxarılmamalı olduğunu vurğulayıb.

Açıqlamada Ülkü Hilal Çiftçinin indiyədək bütün aktyorluq fəaliyyətinin qanuni nümayəndəsinin məlumatı və zəruri icazələr əsasında həyata keçirildiyi bildirilib. Şirkət haqqında səsləndirilən iddialarla bağlı hüquqi prosesin başladıldığı da qeyd olunub.
Hadisələr fonunda Çiftçi ailəsində davam edən boşanma prosesi ilə bağlı qarşılıqlı iddialar da gündəmə gəlib. Bildirilir ki, Kader Çiftçi 19 iyunda Ünal Çiftçiyə qarşı boşanma iddiası qaldırıb və uşaqların qəyyumluğunu tələb edib.
Məhkəmə sənədlərində, həmçinin Ülkü Hilal Çiftçinin aktyorluqdan əldə etdiyi gəlirlərin yerləşdiyi hesabların araşdırılmasının istənildiyi və Kader Çiftçinin iyun ayında 6284 saylı qanun çərçivəsində qoruma qərarı aldırdığı qeyd olunur.

